Dekabrın 9-u ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turnirinə start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışın ilk oyun günündə keçirilən qarşılaşmaların nəticələrinə əsasən finala adlayan komandalar, o cümlədən üçüncü yerin sahibi müəyyənləşib.
Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçüncülük oyununda Naxçıvan Hərbi Kollecinin komandasını məğlub etməklə bürünc medallara sahib çıxıb.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunu təmsil edən komandalar isə qızıl medallar uğrunda mübarizəni davam etdirir. Komandalar arasındakı həlledici final görüşünün başlanma vaxtı sabah saat 11:00-a nəzərdə tutulub. Oyundan sonra mükafatlandırma mərasimi keçiriləcək.